Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı soyqırımının şahidi: “Xocalı qətliamında anam, dörd qardaşım, iki qardaşımın yoldaşı, qardaşımın uşağı, nəvəsi itkin düşüb”

0



  •         Qanlı soyqırımını öz yaddaşında yaşadanların danışması, onların dedikləri əsasında tarixi faktların ictimaiyyətə çatdırılması vacibdir. Bu baxımdan Xocalı soyqırımının araşdırılması və nəticələrinin dünyaya tanıdılması prosesində dəyərli əyani vəsait olan “Xocalının səsi” qəzeti şəhid ailələləri, əsirlikdə olmuş soydaşlarımızla görüşləri davam etdirir. Budəfəki müsahibim Xocalı soyqırımı şahidi, erməni əsirliyində olmuş Arif Əhmədovdur. Əhmədov Arif Naib oğlu 28 aprel 1958-ci ildə Xocalıda anadan olub. 1981-ci ilin sentyabrın 25-də ailə həyatı qurub. 1988-ci ilin sentyabrın 18-nə kimi Xankəndində sənaye-tikinti kombinatında qaynaqçı işləyib. Xankəndində münaqişələr kəskin hal aldıqdan sonra əmək fəaliyyətini Ağdamda tikinti idarəsində qaynaqçı kimi davam etdirib. Xocalıda avtobaza açılandan faciə baş verən günə qədər doğma şəhərdə əməklə məşğul olub. Eyni zamanda Xocalının müdafiəsində dayanıb. Artilleriya qurğularının quraşdırılması və təmiri işlərini yerinə yetirib. Xocalı soyqırımı zamanı ailə üzvləri ilə birlikdə əsirlikdə olub. Hal-hazırda Goranboy rayonu Yeni yaşayış massivində məskunlaşan Arif kişi Dövlətqaçqınkomun Goranboy rayonu üzrə Mənzil-Kommunal İstismar sahəsində bağban işləyir. Müharibə veteranı, II qrup Qarabağ əlilidir. Müsahibim müsibətli fevral axşamını və əsirlikdə gördüyü hadisələrdən danışdı.
            - Fevral ayının 25-dən 26-na keçən gecə ermənilər 366-cı motoatıcı alayın köməyi ilə evləri yandıra – yandıra Xocalıya daxil oldular. Mən avtobazanın qarajının yanında postda dayanmışdım. Düşmənin zirehli texnikası qarşısında dayanmaq mümkün deyildi. Hamı pərən-pərən olmuşdu. Mən evdəkilərə kömək etmək üçün evə yaxınlaşdım. Evdə heç kəsin olmadığını görüb atam gilin evlərinə gəldim. Ancaq onların evində də heç kəsi tapa bilmədim. Atəş olarkən hava işıqlanırdı. Yaxınlıqda ermənilərin səsi gəlirdi. Arxın içi ilə yeridim ki, məni görməsinlər. Ancaq məni gördülər. Arxamca atsalar da, mənə güllə dəymədi. Arx kəndin orta-sında məhəllələrə bölünürdü. Afət, Rza, Kərim kişi, maqazinçi Tahir və digərləri ilə məşvərət etdik ki, gedək yaxınlarımızı tapaq. Hərə bir tərəfə üz tutdu. Mən isə qayınatam gil tərəfə getdim. Yanan güllələr atırdılar. Yolu keçmək qeyri-mümkün idi. Yanımda başqa qoca qadın, uşaqlar da var idi. Ara bir az səngiyəndə yolu keçdim. Qayınatam gilin qapısı açıq idi. Fikirləşdim ki, qayınanamın bacısı oğlu Zöhrabın evinin badvalına yığışmış olarlar. Ancaq orada da heç kəs yox idi. Bir az yuxarı gedəndə gördüm ki, bacanağım Füzulini yaralı gətirirlər. Yoldaşımın xalasının yoldaşı İbrahim kişi avtomatla atırdı. İbrahim kişidən ailəmi, qohumlarımı soruşanda Çınqılın ayağına tərəf getdiklərini dedi. Mənimlə bir neçə nəfər həmin istiqamətdə getdik. Dəyirmana yaxın yerdə 20 nəfərə yaxın adam avtobazada mühəndis işləyən Məhəddinin ətrafına yığılmışdı. O, boynundan yaralanmışdı. Ordakılardan ailə üzvlərimi soruşanda, Niftalının evinin badvalındadır dedilər. Niftalının evinin qarşısında bacanağım Füzuli qapının qarşısında yaralı oturmuşdu. Füzuli gicgahının yanından yaralanmışdı. O, mənə dedi ki, hamı buradadır. Mən ailə üzvlərimi orada tapdım.
            Tez bir zamanda Xocalıdan çıxmaq lazım idi. Məşvərət olundu ki, çıxmasaq, hamı burada qırılacaq. Biz Qarqarçayı keçərək Kətik istiqamətində hərəkət etdik. Hava qar-çovğun idi.
            Biz Kətiyə qalxarkən Canış kişinin arvadı, qızı, Məşti müəllimin arvadı Havva xanım və  digər insanlar aşağıda qaldı. Onların yeriməyə taqətləri yox idi. Xankəndinə gedən cığırdan BMP, BTR-lər gəldi. Bizi atəşə tutdular. Meşədə hərə bir tərəfə yayıldı. Təxminən 180-200 nəfər qalmışdı. Ramizin yoldaşı Şərqiyyə arvad Xocalıya tərəf dönərək ay mənim Xocalım deyib ürəyi partladı. Gedə bilməyənlər kömək gəlib onları aparacaq fikri ilə orada qaldı, taqəti olanlar isə yola davam etdilər. Biz Gendərəyə qayıtdıq. Daha sonra yenidən Kətik dağına qalxaraq Dəhraz istiqamətində irəlilədik. Səhər açılanda kəndin kənarındakı transformatordan 150-200 m aralıdan keçmək istəyərkən ermənilər bizi görüb atəş etdilər. Bir neçə nəfər təhlükəli yeri keçə bilmişdi. Onların arasında Məmməd həkim də var idi. Atılan güllələrdən biri mənim böyük oğlumun kurtkasından keçib poçtda işləyən Brilliantın qardaşı Rövşənin dizinə dəydi. Brilliant var gücü ilə ay Məmməd həkim, Rövşən öldü deyib qışqırdı. Ölümü gözə alan Məmməd həkim sürünə-sürünə geriyə qayıtdı. O, Rövşənin yarasına ilkin tibbi yardım göstərdi. Ermənilər bizi Azərbaycan dilində çağırırdı. Zəhra arvad qabaqda gedərək camaatı səsləyirdi. Ermənilər silos quyusunun üstündən dayanmadan atırdı. Zəhra arvadı, tükançı Astanın oğlunu, Kərəmin oğlu Mehdini və başqalarını vurdular. Ağdam tərəfdən Dəhraza tərəf güclü atəş edirdi. Atışmanın şiddəti artanda ermənilər bizə silahları atmağımızı və təslim olmağımızı əsr düşənlərimiz tərəfindən megafon vasitəsilə çatdırdılar. Səs meşə ilə yayılırdı. Əks təqdirdə bizdən qırılan çox olacaqdı. Bir qədər sonra atışma dayandı. Orada bizi əsir götürdülər. Aparıb Dəhrazdakı ictimai binaya yığdılar. Əsirlərə amansız işgəncələr verməyə başladılar. Sonra içimizdən 13 nəfəri seçib apardılar. Onların öldürülməsi xəbəri verilsə də, Sumqayıtda yaşamış Qriqoryan adlı erməni həmin əsirlərin Xankəndinə aparıldıqlarını dedi. Qriqoryan ona azərbaycanlıların yaxşı olduğunu deyirdi. O, bizə çörək qırığı, buğda, su gətirirdi. Məmməd həkimdən yaralı ermənilərə kömək etməsini istəyirdilər. Ona deyirdilər ki, əgər bizim yaralımız ölsə, əsirlərdən bir neçə nəfəri güllələyəcəyik. Hippokrat andını yerinə yetirən həkim əvəzində spirt, tənzif gətirib yaralı əsirlərin yaralarını sarıyırdı. Məmməd həkimin əli dondan tutmurdu, dişləri ilə baldızım Gülxarın ayaqlarının dərisini soydu. Əsirlərin arasından 35 nəfəri seçib apararkən Məmməd həkimi də aparmaq istəyirdilər. Matan xala dedi ki, üç oğlumu aparmısınız, heç olmasa bu həkimi mənə bağışlayın. Sonra qadınları, uşaqları bir tərəfə, kişiləri isə bir tərəfə yığdılar. Böyük oğlum mənim yanımda, kiçik oğlum və qızım isə anasının yanında idi. Faciədən üç gün əvvəl qardaşımın qırx mərasimi olmuşdu. Üzüm saqqallı idi. Məndən uşaqların anasını soruşanda meşədə öldüyünü dedim. Danışıqlarından bilmişdik ki, uşaqları olanları buraxacaqlar. Bizi erməni əsirləri ilə dəyişdilər. Yaralı Rövşəni ədyalda gətirdik. Ermənilər demişdi ki, ədyal yerə dəydikcə arxadan bir nəfər atılacaq. Klubda çalışan Kamil qışqıraraq ədyalın yerə dəyməsinə imkan vermədi. Bizi xəstəxanaya gətirdilər.
            Xocalı soyqırımında anam, dörd qardaşım, iki qardaşımın yoldaşı, qardaşımın uşağı, nəvəsi itkin düşüb. Qardaşımın oğlu Əbülfət aldığı yaradan  xəstəxanada dünyasını dəyişdi.                         

    Qalib BƏYMƏMMƏDOĞLU,

    “Xocalının səsi” qəzetinin redaktoru, 

    “Azərbaycan Respublikası 

    Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”

     İctimai Birliyinin İdarə Heyətinin üzvü
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi5 il öncə
    İzlənib40 dəfə
    Xocalı soyqırımının şahidi: “Xocalı qətliamında anam dörd qardaşım iki qardaşımın yoldaşı qardaşımın uşağı nəvəsi itkin düşüb”

    Maraqlı gələ bilər
    40
    47
    15